Ermənistanın uzaq mənzilli raket mifi
01:00 19-10-2012
İQTİSADİYYAT
Ermənistanın uzaq mənzilli raket mifi
Ermənistan Silahlı Qüvvələrinin oktyabrın əvvəllərində start götürmüş təlimlərdə ilk dəfə olaraq uzaq mənzilli raketlərlə rəqibə zərbələrin endirilməsi modelləri nəzərdən keçirilib.
İki gün əvvəl bununla bağlı mətbuata açıqlama verən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi, general-mayor Artak Davtyan deyib ki, təlimə 300 kilometrə qədər uzaqlığa malik (söhbət, böyük ehtimalla, Ermənistanın inventarındakı - NATO kod adı “Scud-B” olan 9K72 “Elbrus” raket komplekslərindən gedir) raket texnikası cəlb edilib. Aktiv döyüş hərəkətləri zamanı şərti rəqibin hərbi və iqtisadi infrastrukturuna və silahlı qüvvələrinin bütün növlərinə endiriləcək raket zərbələrinin modeli işlənərək nəzərdən keçirilib: “Zərbələr əsasən həm şərti düşmənin ordusuna, həm də düşmənin ordusunun qabiliyyətini təmin edən iqtisadi infrastruktura endirilib”.
Erməni generalın sözlərinə görə, önləyici xarakter daşıyan zərbələrdə rəqibin neft, qaz və energetika infrastrukturu kimi konkret obyektləri hədəfə alınıb. Burada o konkret ad açıqlamasa da açıq şəkildə hərbi əməliyyatlar başlanacağı təqdirdə Ermənistanın Azərbaycanın enerji infrastrukturunu hədəfə götürdüyünü bir daha təsdiqləyib.
“Azadlıq” radiosunun erməni xidməti isə Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirir ki, Ermənistan Silahlı Qüvvələri bir neçə uzaq mənzilli raket zərbəsinin modelini hazırlayıb.
Radionun məlumatına görə, bu yaxınlarda Amerikanın IMINT analitik veb-resurslarından biri Ermənistanın Sünik vilayətində yerləşdirdiyi iki S-300PS zenit-aket kompleksinin peykdən çəkilmiş fotosunu yayıb: “Bu foto göstərir ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın bütün hava boşluğunu öz müdafiəsi altına götürüb”.
Hədəf mülki obyektlər
Ermənilərin və onların sözünü deyən xarici ekspertlər Qarabağda ikinci dəfə hərbi əməliyyatların başlamasından söz düşdükdə həmişə Azərbaycanı və Azərbaycana investisiya yatıran xarici firmaları təhdid edən açıqlamalarla çıxış etməkdədirlər. Bu açıqlamalarda isə əsasən ermənilərin ya Azərbaycanın neft-qaz infrastrukturuna, ya da Mingəçevir su anbarına zərbə endirəcəkləri fikirləri yer alır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Nezavisimoe voennoe obozrenie” qəzetinin baş redaktoru Viktor Litovkin APA agentliyinə müsahibəsində də eyni fikrləri səsləndirmişdi. “Ermənistanla cəbhə bölgəsinə yaxın ərazidə Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyası yerləşir. Müharibə zamanı onun təhlükəsizliyinə kim zəmanət verə bilər?” - deyən rus hərbi ekspert bu anbarının zərər görməsinin Azərbaycan üçün böyük fəlakət olacağını deməkdən çəkinməmiş, hətta bu açıqlaması ilə Ermənistan mətbuatına “ürək-dirək” vermişdi.
Azərbaycan Ordusunun zabitləri də birinci Qarabağ müharibəsi dövründə Mingəçevir su anbarının ermənilər tərəfindən partladılmasının ehtimallar arasında olduğunu deyirlər. Lakin rəsmi Bakının bunun müqabilində daha sərt addım atacağını düşünən ermənilər planlarından vaz keçiblər.
Ümumilikdə ermənilər mülki obyektlərin vurulmasını arxa cəbhədə rəqibi mənəvi-psixoloji və iqtisadi cəhətdən sarsıdacağını düşünürlər. Onlar birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda dəmir yolu qatarlarının, metronun, gəmilərin partladılması kimi müxtəlif ölçülü terror-təxribat planlarını reallaşdırmağa nail olublar.
Ermənistanın
mövcud raket gücü
Ermənistan Silahlı Qüvvələrinin əsas raket zərbə gücünü keçmiş Sovet Ordusunun bu respublika ərazisində yerləşmiş və bir vaxtlar Türkiyəni hədəfə götürmüş operativ-taktik raket kompleksləri və müstəqillik dönəmində Rusiyanın bağışladığı müxtəlif təyinatlı raket və artilleriya qurğuları təşkil edir. Hazırda Ermənistan Ordusnun inventarındakı uzaq mənzilli, “yer-yer” tipli raket sistemləri bunlardır:
9K72 “Elbrus” operativ-taktik raket kompleksi. R-17 raketlərini atəşləyir. Bu raketlərin istehsal tarixi 1959-cu ildən başlanır. Hədəf uzaqlığı 300 kilometr təşkil edir. Hazırda Ermənistan ərazisindəki bazalarda 24, Dağlıq Qarabağda isə 4 “Scud” kompleksinin olduğu bilinməkdədir. Hərbçilərin “kerosinka” adlandırdığı bu raket, köhnə, lampalı texnologiyaya əsaslanır və maye yanacaqla işləyir. Dəqiqliyi azdır. Son olaraq Liviyada vətəndaş müharibəsində istifadə olunub. Həm 1990-cı illərdə Körfəz, həm də 2011-ci ildə Liviya savaşında modernləşdirilmiş “Scud”lar qeyri-dəqiqlik göstərib. Son olaraq Liviyada Qəddafi qüvvələrinin üsyançıların qərargahı Benqazi şəhərinə atdıqları raket hədəfdən xeyli uzağa düşmüşdü.
OTR-21 “Toçka” hazırda Rusiya və Ukraynada istehsalı davam etdirilən “Toçka” 1976-cı ildən istehsal olunur. Ermənistan inventarında “Toçka-U” raketinin olması ilk dəfə 2011-ci ilin sentyabr ayında keçirilən paradda bəlli olub. Rəsmi məlumatlara görə, Ermənistanda 4 ədəd OTR-21 buraxıcı qurğusu və 24 raketi mövcuddur. GLONNAS inersiya sisteminə malik bur raketlərin uzaqlığı 120 km təşkil edir. “Skud”larla müqayisədə “Toçka”lar yüksək dəqiqliyə malikdir. Eyni komplekslər Azərbaycan Ordusunun da arsenalında yer alır.
Bundan başqa, Ermənistan Ordusunun arsenalında uzaq mənzilli reaktiv artilleriya sistemləri də yer alır. Bunlardan ən uzaq mənzilə malik WM-80 reaktiv atəş sistemidir. Ermənistanda 8 maşın mövcuddur. Azərbaycan Ordusundakı “Smerç” sisteminə analoq olduğu söylənilir. “Kitayski” olduğundan effekti o qədər də bəlli deyil. 273 mm çaplı raketlərlə 80 km məsafəyədək atəş açır. Bir neçə maşını ermənilər Qarabağa yerləşdiriblər. Ermənistanın malik olduğu 9K57 “Uraqan” reaktiv atəş sistemi isə 35 km uzaqlığa malikdir. Ermənistanda 23 maşın “Uraqan” mövcuddur. Son məlumatlara görə, Ermənistan ötən il Ukraynadan “Smerç” reaktiv atəş sistemi də satın alıb. Lakin bu sistemlərin Ermənistanın inventarına daxil olub-olmaması barədə əlavə məlumatlar yoxdur. Böyük ehtimalla “Smerç”lər hələ Ermənistanda silahlanmaya qəbul edilməyib. Əks halda ölkə miqyasında keçirilmiş təlimlərdə istifadə edilər və ictimaiyyətə nümayimş olunardı.
Analizlər göstərir ki, “Toçka” sistemi yüksək dəqiqliyə malik olsa da, Azərbaycanın əsas ixrac boru kəmərləri istisna olunmaqla, mövcud neft-qaz mənbələri bu raketlərin mənzilindən çox uzaqda yerləşir. Ermənilərin beynəlxalq enerji dəhlizlərini vurması isə o qədər də ağlabatan görünmür. Qarabağda isə “Toçka” sisteminin mövcudluğu barədə hər hansı məlumat yoxdur. Ekspertlərin fikrincə, bütün bunları nəzərə aldıqda, ermənilərin əsas zərbə mexanizmi kimi “Skud” sistemindən istifadə edə biləcəyi mümkün görünür. Lakin Azərbaycanın mövcud HHM sistemi bu raketləri gərəkli məsafədə məhv etməyə imkan verir. Bu baxımdan cəbhəyə daha yaxın olan Mingəçevir su anbarının vurulması yalnız “zəlzələdən - vəlvələdən” mümkün ola bilər ki, bu ehtimal da çox cüzidir. Onu da xatırlatmaq gərəkdir ki, Ermənistanın əsas raket zərbələrinin hədəfi olaraq gördüyü Mingəçevirdə hələ sovet dönəmində dövrün ən güclü HHM sistemi olan S-200 raketləri yerləşdirilib. Hansı ki bu raket kompleksləri yerləşdirildiyi bölgəyə endirilə biləcək hava zərbələrini maksimum şəkildə neytrallaşdırmağa qadirdir. İndi rəsmi Bakı da bu həyati əhəmiyyətli bölgənin müdafiəsinə böyük diqqət ayırır. Bunu təbii ki ruslar da, ermənilər də yaxşı bilirlər.
Ümumilikdə Azərbaycanın HHM sisteminin ana ünsürünü S-300 “Favorit” və S-200 zenit-raket kompleksləri təşkil edir. Bununla yanaşı, HHM sistemi modernləşdirilmiş S-125 “Peçora” komplekslərinə malikdir. Eyni zamanda İsrail istehsalı olan yeni HHM sistemi mövcuddur. Hansı ki ballistik raketləri buraxıldığı andan hərəkət trayektoriyasını nəzarətə götürür, hesablayır və bəlli məsafədə onu məhv edir. Ölkənin əsas enerji obyektləri isə dünyanın aparıcı ölkələrinin istehsalı olan, Qafqazda yalnız Azərbaycanın malik olduğu HHM sistemləri ilə mühafizə olunur. Bu sistem nəinki Ermənistan, eləcə də bölgədəki digər ölkələrin silahlanmasında olan ballistik raketlərə qarşı mübarizə üçün nəzərdə tutulub.
Xatırladaq ki, Bakı və Abşeron yarımadası keçmiş SSRİ-nin möhkəmləndirilmiş hava hücumundan müdafiə rayonlarından olub. Havadan müdafiəsinə görə Bakı Moskva, Leninqrad və Kiyevdən sonra dördüncü şəhər olub. Sovet Ordusu Bakını tərk edərkən mövcud HHM sistemi zərər görmədən Azərbaycan Ordusu tərəfindən qəbul edilib. Müstəqillik dövründə bu sistemdə bir sıra müasirləşdirmələr aparılıb.
Ermənistanın raket zərbələri ilə bağlı təlimlərinin sıradan bir model olduğunu düşünən Azərbaycan hərbçilərinin fikrincə, bunlar daxili ictimai rəyə hesablanıb. Ermənistanın hərbi rəhbərliyi hansı bölgədə yerləşdiyini, Azərbaycanın hansı imkanlara malik olduğunu yaxşı bilir
“Ermənistan seysmoaktiv bölgədə yerləşir. Digər tərəfdən, Ermənistan rəhbərliyi ölkədə daha təhlükəli obyektlərin olduğunu da yaxşı bilirlər”, - deyə Silahlı Qüvvələrin adının açıqlamasını istəməyən yüksək rütbəli zabiti vurğulayıb.
Müdafiə Nazirliyinin zabiti deyir ki, bu gün Azərbaycan uzaqmənzilli artilleriya baxımdan Ermənistanı çox geridə qoyur. Azərbaycanın mövcud raket kompleksləri və reaktiv artilleriya sistemi cəbhə xəttinin 100-160 km dərinliyindəki düşmən hədəflərini məhv etmək qabiliyyətindədir. Digər tərəfdən, Ermənistan həm Azərbaycan, həm də Naxçıvan Muxtar Respublikası istiqamətindən iki cəbhə arasında yerləşir. Düşmənin Silahlı Qüvvələrinin bütün hərəkətləri, hərbi texnikanın və raket sistemlərinin dislokasiya xəritəsi daim nəzarət altında saxlanılır.
Rəşad Süleymanov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00