“18 Noyabr Avionla (itimin adıdır) axşam gəzintisinə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9:00 idi deyə, qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra, məni piyada keçidində maşın vurdu”.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı deyib.
Amerikada yaşayan ifaçı bir həftədir xəstəxanada olduğunu bildirib:
“Zərbəni alan kimi huşumu itirərək, başıüstdə yerə yıxıldım. Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə günün ardıcıllığını 3-4 saat sonra - artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, sizi maşın vurub, itinizi isə polislər tapa bilmir...
Yoldaşıma da olanları zəng edib bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, Avion möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək, düz blokumuzum ağzına gedib dayanıb. Oradan onu Ülviyyə (həyat yoldaşı – red.) tapıb evə qaldırıb. Maşının onu da vurub-vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq.
Mənə gəlincə isə, qəza nəticəsində beyin silkələnməsi almışam və başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxiliqanaxma var. Yəni, nə olubsa, başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə “soyuqdəymə” səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəm. Ülviyyənin qayğısı ilə lap 3 günə qalxa bilərəm yəqin. Əsas olan odur ki, salamatam və Avion da evdədir. Bu cür imtahanlar isə, səbəbsiz göndərilmir. Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm.. Məsələn, yanımda niyə məhz onun olmasını...”.