İki komitə sədrinə sərt xəbərdarlıq
13:04 24-10-2012
İQTİSADİYYAT
İki komitə sədrinə sərt xəbərdarlıq
Kərəm Həsənovla Qərib Məmmədovun nüfuz savaşı davam edərsə...
Bakı şəhərində evlərin sənədləşdirilməsi ilə bağlı ölkə başçısının ötən il verdiyi tapşırıq hələ də icra olunmayıb. Yerli qurumların rəhbərləri bu məsələnin "yuxarılarda" düyünə düşdüyünü deyirlər.
Elə vətəndaşlar da hesab edirlər ki, ölkə rəhbərliyinin göstərişinin yerinə yetirilməməsi və bütün ümidlərin 2013-cü ilə qalması bəzi məmurların şəxsi maraqlarının nəticəsidir. Həqiqətən də media və ekspertlər arasında da belə fikirlər var ki, 2013-cü ildə, yəni prezident seçkiləri ərəfəsində bu məsələ həllini tapacaq. Hazırda Bakıda və bütövlükdə Abşeron yarımadasında 500 minədək sənədsiz evlərin olması barədə müxtəlif rəylər var. Hökumət bunu etiraf etməsə də, ayrı-ayrı QHT və beynəlxalq təşkilatların tədqiqatlarından ortaya çıxan nəticə budur. Amma burada hüquqi sənəd hazırlanmasa, çətin olacaq. Burada dəqiq informasiya bazası yaradılmalı və sənədsiz evlərin statusu müəyyənləşməlidir. Amma buna da məhz bəzi məmurların, daha doğrusu, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rəhbərlərinin arasında uzun müddətdən bəri davam edən ixtilaf gətirib çıxarır.
Bizdəki bilgilərə görə, hakimiyyət qanunsuz evlərin sənədləşdirilməsini 2013-cü ildə siyasi məsələ kimi gündəmə gətirmək və bu dəfə birdəfəlik həll etmək istəyindədir. Bu addım atılarsa, iqtidarın cəmiyyətdəki siyasi dəstəyinin daha da güclənəcəyi şüybhə doğurmur.
Odur ki, artıq adıçəkilən komitələrin sədrləri - Kərəm Həsənovla Qərib Məmmədova aralarındakı şəxsi ixtilafları bir kənara qoyub sənədləşmə məsələsini bir an içində həll etməyə başlamaq tapşırığı verildiyi barədə bilgilər almışıq. Həmin bilgilərdə komitə sərdlərinə sənədləşmə ilə bağlı hüquqi bazanın yaradılmasını qısa müddətdə başa çatdırmaq və gələn ilin yazından prosesə tam gücü ilə start vermək göstərişi gəldiyi deyilir.
Xatırladaq ki, 2011-ci ildə ölkə başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi göstərişdən sonra bələdiyyələr əhalidən kütləvi sənəd toplamağa başlamışdı. Hətta bu məqsədlə bəzi qəsəbə və kəndlərdə əhalidən külli məbləğdə pul da toplanmışdı. Amma sonradan evlərin sənədləşdirilməsi ilə bağlı qanunun olmadığı üzə çıxdı və bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) belə bir qanunun hazırlanması barədə göstəriş verildi.
Elə həmən ilin payızında komitənin sədri Qərib Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib ki, artıq sözügedən qanun layihəsi müzakirə edilmək üçün Milli Məclisə göndərilib. Amma çox keçmədən sonra aydın oldu ki, sən demə, bunlar da yalanmış və qanun layihəsi Əmlak Məsələləri Dövlət Komitəsində ilişib qalıb. Milli Məclisdən də təsdiq ediblər ki, parlamentə belə bir qanun layihəsi daxil olmayıb.
Bir neçə ay əvvəl Bakı şəhər İcra Hakimiyyətindəki mənbələrdən mətbuata sızan məlumatlara görə, ölkə rəhbərliyinin məlum tapşırığından sonra qurum sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsini müvafiq təşkilatlarla, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə işləyib. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, komitənin sədri Q. Məmmədov sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı "qanun layihəsinin hazırlanaraq Milli Məclisə göndərilib" deməklə tələsikliyə yol verib. Əslində bu məsələ, daha dəqiq desək, özəlləşdirmə prosesi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətindədir.
Bildirildiyinə görə, Q. Məmmədovla Kərəm Həsənov arasında münasibətlər kifayət qədər sərindir. Səbəb isə Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliyinin Məmmədovun komitəsini özünə birləşdirmək üçün yuxarılar qarşısında məsələ qaldırmasıdır. Bu barədə yayılmış məlumatlarda vurğulanır ki, K. Həsənov Dövlət Reyestr Xidmətini ələ keçirdikdən sonra Q. Məmmədovun komitəsini özününküləşdirmək üçün addımlar atmağa başlayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətinin birbaşa onlara aid olması təklifi ilə çıxış edən Həsənovun bu istəyini önləmək üçün hərəkət edən Məmmədov isə bu günə kimi özünü qorumağa çalışıb. Amma bu müdafiə taktikasının nə qədər davam edəcəyi bəlli deyil.
Artıq bu ixtilafdan yuxarı dairələrdə məlumatlıdırlar, ona görə də Kərəm Həsənovla Qərib Məmmədova tapşırılıb ki, aralarındakı şəxsi intriqaları dayandıraraq evlərin sənədləşdirilməsi istiqamətində prosesləri sürətləndirsinlər. Onların diqqətinə çatdırılıb ki, əgər seçki ilində evlərin sənədləşdirilməsinə start verilməzsə, bunun suçlusu kimi onların ikisinin adı ön plana çıxacaq və cəzaları ağır olacaq.
Söhbət hər iki komitə sədrinin seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə yer almasına "qırmızı işıq" yandırılmasından, onların karyeralarına son qoyulması ilə kifayətlənməyib, topladıqları sərvətlərinin mühüm hissəsindən də məhrum edilməsindən gedir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00