Rusiyadan Azərbaycana görüş zərbəsi
13:09 24-10-2012
İQTİSADİYYAT
Rusiyadan Azərbaycana görüş zərbəsi
Erməni separatçılarının rəhbəri dostluqdan danışır
Son zamanlar ermənilərlə azərbaycanlı ziyalıların görüşünün təşkili üçün müxtəlif addımlar atılır və artıq bir neçə görüşdə baş tutub. Qeyd edək ki, ötən il Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü zamanı qətnamə qəbul olunmuşdu və qətnamədə göstərilirdi ki, Azərbaycan və Ermənistan ziyalılarının görüşü təşkil olunmalı və xalq diplomatiyasının inkişafına nail olmaq lazımdır.
Bundan sonra bir qrup azərbaycanlı ziyalı Ermənistana, daha sonra isə bir qrup erməni Azərbaycana gəldi. Daha sonra isə görüş Moskvada baş tutdu. Bu günlərdə isə Moskvada daha bir görüş baş tutub. Belə ki, Ümumdünya Erməni Qonqresinin prezidenti Ara Abramyanla Rusiya Azərbaycan İttifaqının təsisçisi Söyün Sadıqovun rəhbərlik etdiyi qrupların görüşü olub. Gəlin öncəliklə görüşdə səslənən fikirlərə baxaq və bundan sonra belə bir görüşün baş vermə səbəblərinə aydınlıq gətirək.
"Biz Rusiya Federasiyasında yaşayırıq və Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada sülh və stabillik bizim millətlərin xeyrinədir”.
Bunu Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələrinin Moskvada keçirilən görüşündəki çıxışında deyib.
Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatlarının 20 il ərzində ilk dəfədir bir araya gəldiyini qeyd edən A. Abramyan belə görüşlərin davam etdirilməsini arzulayıb: “Biz dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir”.
O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: “Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm”.
A. Abramyan noyabrın 16-da isə Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşünün keçiriləcəyini bildirib, təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın: “İldə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsini istərdik. Şəxsən Rusiya prezidenti Vladimir Putinə, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edəcəyəm ki, Soçidə “Sivilizasiyalar haqqında dialoq” mövzusunda Ermənistan-Azərbaycan tədbiri keçirilsin, həmin tədbirdə hər iki ölkə yüksək səviyyədə təmsil olunsun”.
“Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə çıxışında Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işlədiyini, ailə qurduğunu bildirib: “Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq”.
Qeyd edək ki, Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etmək olub.
Görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti, Rusiya-Azərbaycan Təşkilatları İttifaqının və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə təşkil olunub.
Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o,
görüşə qatılmayıb.
Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Smbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edib.
Bununla bağlı “Unikal”a daxil olan məlumatlarda maraqlı qeydlər var. Msələn, bildirilir ki, görüşdə iştirak edən Ümumdünya Erməni Konqresi, əslində tutduğu xəttə görə digər təşkilatlardan fərqlənir və Avropada erməni “soyqırım”ının tanınması üçün ən çox iş görən təşkilatdır. Bildirilir ki, bu təşkilat həmçinin ABŞ Dövlət departamentində də ciddi nüfuza malikdir və bir sıra konqresmenlərə təsir etmə gücündədir. Bildirilir ki, adı çəkilən təşkilat indiyə qədər dəfələrlə marafonlar təşkil edərək Dağlıq Qarabağ ermənilərinə milyonlarla manat dəyərində pul göndərib. Belə bir təşkilatın indi danışıqlara qatılması əslində mənasız bir şeydir və hesab edilir ki, bu Azərbaycanın maraqlarına cavab verməyəcək. Ekspertlər həmçinin qeyd edir ki, bu görüşün təşkil olunması həm də Azərbaycana bir mesajdır. Çünki Azərbaycan rəhbərliyinin razılığı və icazəsi olmadan belə bir görüş təşkil olunur və bu heç də uğurlu variant deyil. Qeyd olunur ki, görüşdə iştirak edən şəxslərin və təşkilatların kimliyi ilə maraqlansaq aydın olur ki, əslində belə bir toplantı Rusiya hakimiyyətinin iştirak ilə reallaşdırılır. Yoxsa ən azından Ümumdünya Erməni konqresi hansısa azərbaycanlı iş adamı ilə bir masa arxasında əyləşməzdi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21