“Moskvada azərbaycanlılarla ermənilərin görüşünün arxasında Putin dayanır”
13:12 24-10-2012
CƏMİYYƏT
“Moskvada azərbaycanlılarla
ermənilərin görüşünün
arxasında Putin dayanır”
“Bu görüşün arxasında milli maraqlardan daha çox, Rusiyanın maraqları durur”.
Bu fikirləri politoloq Zərdüşt Əlizadə Rusiyada Azərbaycan və erməni diasporunun nümayəndələrinin bu gün Moskvada keçirilən görüşünü şərh edərkən bildirib. Politoloqun fikrincə, ermənilərlə görüşün arxasında milli maraqlar dayanmır, bu görüş birbaşa Rusiya rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir.
“Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvada görüşü təbii ki, normaldır. Biz ermənilərlə dost da olmuşuq, düşmən də. Hər iki xalqın müəyyən bir hissəsinin acgözləri bunları düşmən elədilər. Əgər Rusiydakı azərbaycanlı və erməni diaspor nümayəndələri ilə görüşürsə bu heç də göründüyü kimi deyil. Hesab edirəm ki, bu görüşlərin arxasında birbaşa Rusiya hökuməti dayanır. Sözügedən hər iki təşkilat Rusiya rəhbərliyinə bağlı təşkilatlardır. Onların düşmənçiliyi də, dostluğu da yuxarından gələn tapşırıqlardan aslıdır. Çox güman ki, keçirilən görüş Rusiya rəhbərliyinin daha bir oyunudur. Rusiya tapşırıq verib ki, dostluq danışıqlarına başlayın. Bu baxımdan hesab edirəm ki, burada milli maraqlardan daha çox, Rusiyanın maraqları dayanır. Onların biznesləri Rusiyada olduğu üçün təbii ki, Kremlin tapşırıqlarını icra etməyə məcburdurlar”, - deyə Z.Əlizadə bildirib.
Qeyd edək ki, bu gün Moskvada Rusiyada yaşayan Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Ermənistan tərəfdən isə görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Sımbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları qatılıblar.
Qarabağ Azadlıq Təşkilatı Azərbaycan və erməni nümayəndələrinin Moskvada keçirilən görüşünü tənqid edib. QAT sədri Akif Nağı açıqlamasında görüşün təşkilatçılarından olan “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqovu sərt tənqid edib. A.Nağı ermənilərlə dostluq edən azərbaycanlı oliqarxı Rusiyanın maraqlarına xidmət etməkdə suçlayıb.
“Bu görüşün əsas təşkilatçılarından olan Söyün Sadıqovu yaxından tanıyıram. Əslən gürcüstanlı olsa da, etnik mənsubiyyəti bir az şübhəlidir. O adamı çox yaxşı tanıyıram. Bir zamanlar gəlib burada Qarabağ Fondu yaratmışdı, indi gedib orada ermənilərlə dostluq edir. Onun bu proseslərdə iştirakı Azərbaycanın maraqlarında görə deyil. Söyün Sadıqov Rusiyanın maraqlarına xidmət edir. Bu görüşün kökündə Putinin tapşırığı durur. Rusiya istəmir ki, öz ərazisində yaşayan millətlərə problem yaratsın. Bu Qarabağ məsələsinin həllinə yönəlmiş görüş deyil. Bir sözlə, Söyün Sadıqov çox şübhəli və qaranlıq bir adamdır. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bu kimi görüşlərin keçirilməsini pisləyirik”, - deyə QAT sədri vurğulayıb.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49