Bakıda qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara görə, T.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Hadisə bu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində baş verib.

 Belə ki, 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb

T.Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Osmanov