Deputatlar mitinqlərlə bağlı 5000 manatlıq cəriməyə "hə" dedilər
13:12 24-10-2012
CƏMİYYƏT
Deputatlar mitinqlərlə bağlı 5000 manatlıq cəriməyə "hə" dedilər
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanunun 5-ci maddəsi "Toplantının keçirilməsi barədə xəbərdarlıq" adlanır.
Xəbərdarlığa əsasən, sadalanan toplantıların hər hansı birini təşkil edən hər hansı şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanlarına əvvəlcədən yazılı surətdə xəbərdarlıq etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı zəruri tədbirlərin görülməsi və onun yeri, vaxtının, küçə yürüşünün və şəhər marşurutunun razılaşdırılması ilə bağlı toplantının keçirilməsi günündən ən azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş qaydada keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Yazılı xəbərdarlıqda aşağıdakılar olmalıdır: toplantının forması, ümumi məqsədi, keçirilməsi yeri və tarixi, iştirakçıların təxmini sayı.
Layihənin 6-cı maddəsinə təklif olunan dəyişiklik ondan ibarətdir ki, yığıncağın, mitinqin, küçə nümayişinin və piketin təşkilatçısı toplantı barədə müvaviq icra hakimiyyəti orqanına təqdim ediləcək xəbərdarlığı göstərən bir və ya bir neçə hüquqi və fiziki şəxsdir.
Dəyişikliklər layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov təqdim edib. O, bildirib ki, Azərbaycanın hazırkı qanunvericiliyində qanunsuz toplantıların təşkilatçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsinin nəzərdə tutulduğu halda, iştirakçılar heç bir məsuliyyətə cəlb olunmur.
"Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansı iştirakçıya görə məsuliyyət daşıya bilməz".
R.Cəbrayılov qeyd edib ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar.
Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).
Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub). Milli Məclisdə belə bir məsələnin müzakirəyə çıxarılması isə artıq müəyyən dairələri narahat edib və buna görə ABŞ səfirliyinin rəsmisi deputat Azay Quliyevlə görüşüb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr ilə görüşüb.
Görüşdə A.Quliyev sədri olduğu Şuranın yaranması, fəaliyyəti və gələcək planları, həmçinin Şura tərəfindən hazırlanmış yeni qanun layihələri və bu layihələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakı barədə qonağa geniş məlumat verib.
Daha sonra ABŞ rəsmisi razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədrinin fikirlərini soruşub. A.Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd edib.
Sonda deputat beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu və qarşı tərəfi də əməkdaşlığa dəvət etdiyini bildirib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35