Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində ardıcıl şəkildə tədbirlər həyata keçirilir.
Unikal.org xəbər verir ki, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Narkoloji Dispanserdə olub, burada yaradılan şərait və görülən işlərlə tanış olub.
Vurğulanıb ki, 1986-cı ildən bu binada fəaliyyət göstərən tibb müəssisinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
Daha sonra tibb müəssisəsinin kollektivi ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər, yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmir olunması Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradır.
Vurğulanıb ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub.
1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 və 2 nömrəli uşaq poliklinikaları, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün bundan sonra da işlər davam etdiriləcək. Şəhər ərazisində təmirsiz olan bütün tibb ocaqları ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.