Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Unikal.org xəbər verir ki, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 4 ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək”.

Dörd il ərzində “İlin ən fəal deputatı” nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.