Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib.
Unikal.org xəbər verir ki, Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.
Cavid Qurbanov öz növbəsində, Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.