Bu gün rayonun Karrar kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, Karrar kənd tam orta məktəbində keçirilən qəbulda rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Karrar kənd inzibati ərazi dairəsinə daxil olan Karrar, Ərşəli və Garıs Əyribənd kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Ceyhun Cəfərov vurğuladı ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yolları yenidən qurulur. Ceyhun Cəfərov söylədi ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir və tikintidə son tamamlama işləri aparılır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də Kürdəmir rayonunda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıblar.
Kənd sakinləri suvarma su təminatı, kəndarası yolların təmiri, sosial müdafiə, təhsil, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb.
Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.