Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbir iştirakçıları, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılmış “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasətçi-böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ömrü boyu qəlbi vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, azadlığa, müstəqilliyə gedən yolumuzu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin beynəlxalq aləmdə və Azərbaycan tarixində rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və gördüyü nəhəng işlər barədə ətraflı məlumat verdi.
Çıxışının sonunda Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, mənalı və fədakar həyatı, çoxşaxəli zəngin fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır.
Tədbir böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatdı.