Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” adlı layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bir sıra məlumat xarakterli təlimlərə yekun vurulub.
Unikal.org xəbər verir ki, təlimlərdə başlıca məqsəd Turizm və Qonaqpərvərlik fakültəsi üçün nəzərdə tutulan yeni kurrikulumun tərtibi ilə əlaqədar ATMU-nun inzibati, akademik və tələbə heyətlərini adıçəkilən layihənin nəticəsində tətbiq ediləcək yeniliklərdən xəbərdar etməklə bərabər, fikir mübadiləsi aparmaq idi.
Müasir kurrikulumun tətbiqi ilə əlaqədar layihə komandasının üzvləri, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Turizm biznesi kafedrasının müdiri f.e.n., dos. Hafiz Hüseynov, Mehmanxana və Restoran Biznesi kafedrasının müdiri p.e.n., dos. Novruz Quliyev, Elm və İnnovasiya şöbəsinin müdiri f-r.e.n., dos. Nəsirulla Nəsirli, “Millenium Turizm Konqres DMC” şirkətinin direktoru Ruslan Quliyev və Turizm və otelçilik ixtisasının ikinci kurs tələbəsi Həşim Hacıyevdən ibarət komissiya yaradılıb, ATMU-da müxtəlif fənlər üzrə açıq dərslər keçirilib və müəllimlərin rəy və təklifləri diqqətdə saxlanılıb.
Tədris-metodiki şöbənin rəhbəri Simnar Mamedovun təqdimatında 11 dekabr 2019-cu il tarixində ESG standartlarına uyğun kurrikulum və sillabusun tərtib olunması, o cümlədən fənnlərin və müəllimlərin monitorinqi qaydaları komissiya üzvlərinə izah edilib.
Təlimlərin davamı olaraq 12 dekabr 2019-cu il tarixində Elmi İnnovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova və Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova tərəfindən bir qrup ATMU tələbəsinə EQAC layihəsi haqqında ümumi məlumat verilib. Təlimlərin gedişatında keyfiyyət təminatında tələbələrin rolu haqqında müzakirələr aparılıb. Müasir tədris metodlarını təqdim etməklə yanaşı, tələbələrin fikirləri də öyrənilib. Sorğularda iştirakın əhəmiyyətini vurğulayan təlimçilər tələbələri daimi olaraq ATMU-da keçirilən digər sorğularda da daha fəal iştirak etməyə çağırıblar.
14 dekabr 2019-cu il tarixində 10 müəllimdən ibarət pilot qrupunda keçirilən təlim zamanı ATMU-nun rektor müşaviri Elvin Yusfili və rektor köməkçisi Samir Məhərrəmov təqdimatlarında müəllimlərə tələbə mərkəzli yanaşmaya keçidin əhəmiyyəti, ESG standartları, öyrənmə nəticələri və Blum taksonomiyası, o cümlədən müasir tədris metodları haqqında məlumat veriblər. Daha sonra müəllimlər təlimçilərin rəhbərliyi altında yeni sillabus şablonu üzərində tapşırıqları yerinə yetiriblər.
Beləliklə, EQAC layihəsi çərçivəsində, o cümlədən Böyük Britaniyanın Leyster Universitetinin təcrübəsinə nəzərən yeni yanaşmalar ATMU heyətinə və tələbələrə çatdırılıb.