Bakı İsraillə Türkiyəni yaxınlaşdıra bilərmi?
14:59 02-11-2012
CƏMİYYƏT
Bakı İsraillə Türkiyəni yaxınlaşdıra bilərmi?
İsrailli siyasətçi, "Bizim evimiz İsraildir" partiyasından Knessetin deputatı Aleks Miller bəyan edib ki, "Knessetdə "erməni soyqırımı"nın tanınması məsələsi dəfələrlə qaldırılıb. Mənim fikrimcə, bu tipli məsələlər akademiyalar və forumlarda alimlər səviyyəsində, həmçinin tarixi faktlara əsasən həll edilməlidir. İsrail Ermənistan və Türkiyənin daxili işlərinə aid məsələlərdə iştirak etməməlidir".
Onun sözlərinə görə, İsrail demokratik ölkə olduğu üçün Knesset deputatlara bu və ya digər məsələni qaldırmağı qadağan edə bilməz.
Deputat İsrail-Azərbaycan əlaqələri sahəsində siyasətçi parlamentlərarası münasibətlərin möhkəmləndirilməsini qeyd edib və qarşılıqlı səfərlərin vacib olduğunu bildirib: "Əgər azərbaycanlı parlamentarilər İsrailə, israilli deputatlar isə Azərbaycana səfər etsələr, biz sevinərik. Bu iki ölkə arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə səbəb ola bilər. Bundan əlavə, Azərbaycan vətəndaşlarının bəzi qrupları, o cümlədən tələbələr, müəllimlər, dövlət məmurları üçün viza rejiminin sadələşdirilməsi imkanı var. Bu isə gələcəkdə Azərbaycan vətəndaşları üçün vizanın tamamilə ləğvinə gətirə bilər".
Aleks Miller bir daha tezliklə fəaliyyətə başlayacaq Azərbaycan-İsrail ticarət palatasının vacibliyini vurğulayıb. Beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərinə toxunan A.Miller Bakının İsrail-Türkiyə münasibətlərinin normallaşması məsələsində vasitəçi ola biləcəyinə ümid etdiyini bildirib.
"Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, "Bu söhbət birinci dəfə deyil ki, gündəmə gəlir və inanmıram ki, müsbət sonluqla nəticələnə. Həm də İsrail-Türkiyə münasibətlərinin qaydaya düşməsi zəminində Azərbaycanın hansısa bir rol oynayacağına da inanmıram. Çünki hazırda bu iki ölkə arasında elə bir durum yaranıb ki, İsrail qarşılıqlı addım atmasa, Türkiyə öz mövqeyindən geri çəkilməycək. Türkiyənin mövqeyi və şərtləri isə bəllidir. Bunlar "Mavi Mərmərə" gəmisi ilə baş vermiş insidentə görə İsrailin Türkiyədən rəsmən üzr istəməsi və hadisə zamanı həlak olan Türkiyə vətəndaşlarına görə təzminatın ödənilməsidir. Türkiyə həm də Fələstin probleminə görə İsrailin sərgilədiyi siyasəti qəbul etmir və bu yöndə radikal dəyişikliklər tələb edir. Göründüyü kimi, Türkiyənin irəli sürdüyü şərtlər kifayət qədər ciddi və prinsipialdır, İsrail isə hələ ki bu şərtləri qəbul edəcək əhvali-ruhiyyə nümayiş etdirmir".
Politoloqun fikrincə, "Millerin səsləndirdiyi təklif bir siyasətçi və deputat kimi onun şəxsi mövqeyindən qaynaqlanır və İsrail hökumətindəki hansısa dairələrin mövqeyini ifadə eləmir. Ümumiyyətlə isə hesab edirəm ki, Azərbaycan hər iki dövlətlə qarşılıqlı münasibətlərini dərinləşdirməli və onların məlum münaqişəsinə loyal yanaşmalıdır".
Millət vəkili Fərəc Quliyevin dediyinə görə, "Mən hələ 1998-ci ildə apardığım elmi-politoloji araşdırmada qeyd etmişdim ki, Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, Yaxın Şərq arenasındakı bir çox problemlərin həll edilməsində fəal şəkildə iştirak edə bilər. Və bölgədəki indiki situasiyaya bu məntiqlə yanaşanda Azərbaycan nəinki İsrail-Türkiyə, hətta İsrail-Fələstin münasibətlərinin qaydaya salınmasında da son dərəcədə dəyərli əlavələr edə bilər. Azərbaycan-İsrail münasibətləri indiki mərhələdə Yaxın Şərq və o cümlədən Cənubi Qafqaz reallıqlarında önəmli rol oynayır".
Millət vəkilinin sözlərinə görə, "Türkiyə ilə İsrail arasındakı məlum gərginlik mövsümi xarakter daşıyır və yaxın gələcəkdə aradan gedəcəyi ehtimalındayam. Çünki bunu iki dövləti tarixən daha ciddi əməkdaşlıq formaları birləşdirib. Yaxın Şərqdə gedən prosesləri diqqətlə izləyəndə bunun şahidi oluruq ki, aralarındakı soyuqluğa baxmayaraq hər iki dövlət bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Onu demək istəyirəm ki, bu soyuqluqdan itirən təkcə İsraillə Türkiyə deyil, bütün Yaxın Şərq dövlətləri bu boşluğu hiss edir. Ona görə də bu boşluq hökmən dolmalıdır və zənnimcə, Azərbaycan bu baxımdan əhəmiyyətli rol oynaya bilər. İsraildəki Azərbaycan diasporunun başçısı Aleks Miller olduqca dəyərli insandır və bu deputat İsrailin həm Azərbaycanla, həm də Türkiyə ilə normal əməkdaşlıq ruhunda davranmasının tərəfdarıdır".
Savalan
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44