İrandan gələn azərbaycanlı daxili orqanında narkotik vasitələr keçirməyə çalışıb.
Bu barədə Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.
Sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.