Beş il əvvəl Azərbaycanda aparılan böyrəkköçürmə əməliyyatlarının sayı 89-a bərabər idi. Lakin son beş ildə 500-ə yaxın belə əməliyyat icra olunub.
Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.
Onun sözlərinə görə, dializ alan hər bir xəstə böyrək köçürülməsi yolu ilə hemodializ müalicəsindən xilas olmağı arzulayır. Lakin burada bəzi vacib məqamlar var.
"Azərbaycan qanunlarına görə, böyrək donorluğunu mütləq ailə üzvlərindən kimsə etməlidir. Köçürülən böyrəklər də xəstənin orqanizminə uyğun gəlməlidir. Həmçinin hər xəstəyə böyrək köçürülməsi uğurla nəticələnməyə bilər. Bu səbəbdən həkimlər çox diqqətli olmağa və düzgün seçim aparmağa çalışırlar. Ona görə də düzgün seçimə əsasən ehtiyacı olan xəstələr qeydiyyata alınır. Ailə üzvlərindən kiminsə donorolma və orqanın xəstənin bədəninə uyğungəlmə şansı varsa, böyrəkköçürmə əməliyyatı icra olunur”, - deyə baş nefroloq qeyd edib.