“Azərişıq” ASC bu gün fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin ekstremal hava şəraitinə təsadüf etməsini nəzərə alaraq əvvəlcədən bütün ehtiyat tədbirlərini görüb. Səhmdar Cəmiyyətin rəhbərliyi iki gün əvvəl gözlənilən kəskin hava şəraiti və seçki məntəqələrinin elektriklə fasiləsiz təminatı ilə bağlı xüsusi müşavirə keçirib. Bütün ölkə üzrə əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Unikal.org-a bildirib ki, ölkə üzrə müşahidə olunan güclü külək, dağlıq rayonlarda yağan qar bəzi yerlərdə elektrik şəbəkəsində qəzaları qaçılmaz edir.

“Əməkdaşlarımız həmin qəzaları operativ olaraq aradan qaldırmağa çalışır. Eyni zamanda seçki məntəqələrində fasiləsiz elektrik təchizatını təmin etmək üçün əvvəlcədən bütün rayonlara çoxsaylı ehtiyat generatorlar da göndərmişik. Qəzalar baş verəndə dərhal seçki məntəqələrində ehtiyat generatorlar işə salınır”,-o bildirib.