Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C-nin müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib.
Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir.
Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.
Qeyd edilməlidir ki, bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.
Hökumət ilə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMTİP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işi davam etdirilir.