Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ananın azyaşlı oğlunu şişlə yandırdığı iddia olunur.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən uşağın dayısı Pərviz Ələsgərov deyilənləri inkar edib:
"Bacımın Rafiqlə nigahdan iki övladları var. Bir övladına qaynatasının adı qoyulduğu üçün ərinin təkidi ilə ailə həyatı qurmayan baldızına övladlığa verib. Bacımgilin ailələrində problem olduğu üçün boşanmaq üçün məhkəməyə müraciət edib. Bunu bilən həyat yoldaşı gələcəkdə övladlarına görə aliment ödəməmək üçün yalandan polisə müarciət edərək, bacımın övladını şişlə yandırdığını bildirib. Əslində uşaq bir neçə müddət öncə evdə oynayanda sobanın üzərinə düşmüşdü. Həmin yanıq izi də onda olmuşdu. Əgər bacım övladını yandırmışdısa polisə niyə həmin zaman müraciət etdmirdi? İndi boşanma məsələsi olanda bunu deyir? Bərdə rayon polis şöbəsində də gördülər bu iddianın əsası yoxdur. Sonradan bacımın əri Tərtər Rayon polis şöbəsinə müarciət edib. Bütün kənd bilir ki, o uşaqları biz böyütmüşük. Biz əziyyət çəkmişiksə necə bacım övladını yandıra bilər?"
Qeyd edək ki, Ağ Qaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Famil Fərhadoğlu