Misir Mərdanovun “kurikulum dəyənəyi”
12:29 07-11-2012
CƏMİYYƏT
Misir Mərdanovun “kurikulum dəyənəyi”
Müəllimlər indi də valideynləri bu dəyənəklə qorxudaraq soyurlar
Ölkə təhsilini içəridən yeyib çürüdən “repetitorluq qurdu”nun sistemdə intişar tapmış özbaşınalıqlardan, təlim-tərbiyə prosesinin çökməsindən qidalandığını bilməyən yoxdur. İnanmayan varsa, buyursun, cənab Mərdanovun hamını şoka salan fikirlərini oxusun: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur”. Nazir həmin kasıb insanları ələ salırmış kimi, heç bir diskomfort keçirmədən “şəstlə” bunu da əlavə edir: “...müəllimlərin əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər”.
Diqqət etdinizmi, burada Mərdanov məktəbdəki özbaşınalıqlardan, təhsilsizlikdən yox, valideynlərin pulunun az olmasından, repetitorlara az pul verməsindən gileylənir. Adamın yaxasından tutub soruşan da yoxdur ki, əgər şagirdi repetitor hazırlayacaqdısa, bəs sənin rəhbərlik etdiyin sistemin məqsədi, məsuliyyəti nədən ibarətdir?! Dövlətin təhsilə ayırdığı yüz milyonlarla vəsait hara sovrulur?!
Əgər yadınızdadırsa, 2008-ci ildə kurikulum islahatı başlayanda Mərdanov və onun züy tutanları bu islahatın təhsilimizin “iksiri” olacağından, sistemi bütün problemlərdən “qurtaracağından” dəm vururdular. O vaxtdan beş il ötüb. Hara gəlib çıxmışıq? Hesab edirəm ki, bunu bilmək üçün tanınmış yazar Sevinc Telmanqızının dünənki “Yeni Müsavat”da dərc olunmuş “Repetitor çılğınlığı ibtidai sinifləri necə ağuşuna alıb” reportajını oxumaq yetərlidir. Görün 3-cü sinif şagirdinin valideyni Güldəstə Hacıyeva nə deyir: “Hər gün məktəbə gedəndə valideynləri qorxudurlar ki, bu ildən proqram çətinləşib və biz sizin uşaqlarınıza kurikulum sistemi ilə dərs keçirik. Bu qədər test kitabı, iş dəftəri, əlavə vəsait aldırırlar, amma uşaq yenə də çox zəif olur. Mən bu işin sirrini anlamıram”.
İndi üzümü Mərdanovun əsas züy tutanlarından biri, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasova tuturam: Ənvər müəllim, eşidirsinizmi valideynin bu harayını? Görürsünüzmü sizin məktəbə sırıdığınız biabırçı kurikulum “iksir” əvəzinə, necə dəyənəyə çevrilib? Müəllimlər indi də valideynləri bu dəyənəklə qorxudaraq soyurlar. Həmin reportajı oxuyun, görün valideynlərdən pulu indi də hansı yollarla alır və bölüşdürürlər. Amma siz dünyadan bixəbər adam kimi, İTV-nin “Açıq dərs” proqramında yenə də “kurikulum iksiri” haqqında bəlağətli sözlər söyləyirsiniz. Əslinə qalsa, nəyin nə olduğunu hamıdan yaxşı bilən bu adama yazığım da gəlir. Biçarə neyləsin, biliyi, təcrübəsi var, amma həqiqəti söyləməyə təpəri yoxdur...
Təhsil eksperti Əlövsət Osmanlı neçə illərdir, haray çəkir: “sistemə kurikulum adı ilə sırınan sənəd ancaq onun məzmun standartları hissəsidir, bununla islahat aparmaq mümkünsüzdür, islahat üçün onun digər komponentləri də olmalıdir” - deyir. Eksperti təhsilin düşməni elan edənlər indi də Özbəkistandan Sayyora Rahmankulova adlı birisini dəvət edib ondan məsləhət alırlar. Rahmankulova zalımın qızı da əzbərləyibmiş kimi, eynən Əlövsət müəllimin dediklərini təkrarlayır. İndi Ənvər müəllimdən soruşuram: Nədən sənəddə standartların şərhinin, hər bir təlim metodu üzrə dərs nümunələrinin olmasının vacibliyini Azərbaycanlı ekspert deyəndə qulaqlarınızı qapayır, amma Rahmankulova deyəndə açırsınız? Deyin görüm, hansı səbəbdən fənn kurikulumunu pedaqoji ictimaiyyətə indi də “məktəb kurikulumu” adı ilə sırımaq istəyirsiniz? Belə getsə, yəqin ki, sabah özünüzdən “sinif kurikulumu” anlayışı da icad edəcəksiniz. Məgər Azərbaycan dövləti pulu sizin təhsilə təzə-təzə anlayışlar “gətirməyinizə” görə ayırır?..
Kurikulum islahatı başlayanda Mərdanovun züy tutanları bu sənədin yalnız təhsil alanlar və təhsil verənlər üçün yox, həm də valideynlər üçün nəzərdə tutulduğunu söyləyirdilər. Ötən beş il ərzində heç kəsə heç nə verməyən və ağlı, bacarığı yerində olmayan bu məmurlar indi də eyiblərini “ört-basdır” üçün yeni iddialarla çıxış etməyə başlayıblar: Valideynlər kasıbdır, valideynlər savadsızdır, təhsil də ona görə geridə qalıb!..
Nadir İsrafilov,
təhsil eksperti
Digər Xəbərlər
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33