Ötən il respublikanın avtomobil yollarında 1 870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2 523 nəfər olub. Onlardan 821-i həlak olub, 1 702-si isə yaralanıb.
Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.