"Koronavirusun 7 növü var. Bunlardan 4-ü insanlarda burun axıntısı, boğaz ağrısı kimi yüngül qrip əlamətləri kimi keçən xəstəliklərdir. Yaxın keçmişdə aşkarlanan digər növləri, eyni zamanda indi yayılan növü epidemiyaya səbəb olub".
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bu növlərin heç birinin standart, spesifik, avtivirus müalicəsi yoxdur: "Ancaq simptomatik müalicə tətbiq olunur. Bunun üçün nə peyvənd, nə də virus əleyhinə dərman preparatı yoxdur. Sadəcə bəzi dərman vasitələrindən istifadə olunur, amma tam təsdiqini tapmayıb".
V. Əliyev qeyd edib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur: "Əsasən ahıl yaşlı insanlarda, xroniki xəstəliyi - diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir".