İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib.
Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək.
Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.