Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyada gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupunun dinləyiciləri ilə görüşdə bildirib ki, təlimlər çox effektivdir. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşlarının vətəndaşlarla ünsiyyəti, münasibəti, etik davranışı, peşə etikası bacarıqları olduqca vacibdir.
Unikal.org xəbər verir ki, Qulu Novruzov təlimlərdə gömrük xidməti əməkdaşlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük qanunvericiliyi, texniki nəzarət vasitələrindən istifadəni öyrənərək, öz peşə bacarıqları ilə bağlı lazım olan bütün məzmunu yaxşı mənimsədiklərini diqqətə çatdırıb. Akademiya rəisi deyib ki, gömrük xidməti əməkdaşlarının bu bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlərin proqramına müəyyən mövzular salınıb:
“Biz peşə bacarıqları ilə yanaşı, davranışla, peşə etikası ilə bağlı fərqli bir modul da hazırladıq. Təqdim etdiyimiz bu mövzular gömrük xidməti əməkdaşının bilməli olduğu ən minimal bazanı əhatə edən bir məzmundur. Gömrük xidməti əməkdaşlarının fəaliyyətində kobudluq və hansısa mənfi hallar gömrük xidməti əməkdaşına, ümumiyyətlə, dövlət qulluqçusu olan, dövlət qurumunu təmsil edən heç bir vətəndaşa əsla yaraşmaz. Bu baxımdan, bizim təlimlərin məzmununda etdiyimiz dəyişikliklər əsasən vətəndaşlarla ünsiyyət, etik davranış və peşə etikası bacarıqlarının aşılanması ilə bağlıdır”.
Eyni zamanda, Qulu Novruzov diqqətə çatdırıb ki, təlimlərin proqramı bilavasitə gömrük xidmətinin nümunəvi bir dövlət qulluğu və xidmət sferası olması üçün əməkdaşlarda lazım olan bacarıqları aşılamaq üçün tərtib olunub. “Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik, belə bilik və bacarıqlara sahib olmadan gömrük xidmətində işləmək qəbulolunmazdır”- deyə o, vurğulayıb.