Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır.
Unikal.org xəbər verir ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət etmişdir. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilmişdir. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanmışdır. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlimiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.
İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunmuş, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilmişdir. Xəstənin vəziyyəti stabildir.
Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.