Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 12-də Bərdədə Tərtər, Yevlax, Zərdab və Bərdə rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Unikal.org-a bildiriblər ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbulda hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 32 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb edilmə, şəhid statusunun, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.