Azərbaycan Tibb Universiteti (ATU) sosial şəbəkələrdə ali təhsil müəssisəsinin Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan məlumatlara münasibət bildirib.
ATU-dan Unikal.org-a bildirilib ki, klinika iş fəaliyyətini davam etdirir: "Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb".
Bildirilib ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyentlərdən biri xarici ölkədə olduğundan şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib: "Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hazırda klinika öz fəaliyyətini davam etdirir".