Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb:

- Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın,

- İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın,

- AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin,

- Təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlər tətbiq edilsin,

- Qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın,

- İşçilərin yoluxma hallarını istisna etmək məqsədi ilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin,

- AMEA-nın müvafiq inzibati binalarınln girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın,

- AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin olunsun,

- AMEA-nın İşlər İdarəsinə tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.

Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə tapşırılıb.