Bakı Kitab Mərkəzində eston yazıçısı və ictimai xadim Kersti Kivirüütün “Küləklər şəhəri” romanının təqdimatı keçirilib. “Küləklər şəhəri” əsəri əsasən sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir. Lakin bu hadisələr, zaman baxımından, Azərbaycan tarixinin müxtəlif dövrlərinə təsadüf edir. Belə ki, əsərdə yarımçıq qalmış işlərini tamamlamaq üçün sonrakı illərdə yenidən Bakıya can atan insanların burada öz cənnətlərini axtarıb tapmaq istəkləri təsvir olunur.

Unikal.org xəbər verir ki, Azərbaycan xalqının tarixi köklərinə dair maraqlı faktlar, Xocalı faciəsi, öz doğma yurdlarından didərgin düşmüş insanların ağır yaşayış şəraiti və real həyat həqiqətləri arasında ortaq məqamlar əsərin əsas süjet xəttini təşkil edir. Macəra və detektiv janrında yazılmış romanın süjeti dramatik hadisələr üzərində qurulub. Əsərdə hadisələr azərbaycanlı idmançı Rüfətlə eston qızı Annelisin sevgi hekayəsi ətrafında cərəyan edir.

Kitabın təqdimat mərasimini giriş sözü ilə Kitab Mərkəzinin direktoru Günel Anarqızı açıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və bəzi başqa qonaqlar çıxış edərək “Küləklər şəhəri” kitabının mahiyyəti, bugünkü təqdimat mərasiminin əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, bu əsər Azərbaycan və Estoniya xalqları arasında dostluq bağlarının möhkəmlənməsinə böyük töhfə verəcək.

Kersti Kivirüüt və "Küləklər şəhəri" kitabını Azərbaycan dilinə tərcümə edən diaspor fəalı Sənəm Əliyeva kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Eston yazıçısı Kersti Kivirüüt göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

Tədbirin sonunda müəllif imzaladığı kitabları tədbir iştirakçılarına hədiyyə edib.