Kolumbiya Universitetinin (ABŞ) nəzdində olan Həkimlər və Cərrahlar Kollecinin tədqiqatçıları tərkibində yüksək miqdarda təmizlənmiş karbohidratlar olan ərzaq məhsullarının yuxusuzluq ehtimalını artırdığını müəyyən ediblər.
Unikal.org xəbər verir ki, bu məhsullara, ağ çörək və düyü daxildir. Bu ərzaqlar qanda şəkərinin səviyyəsinin sürətlə artmasına gətirib çıxaran yüksək qlikemik indeksə malikdir.
"Qanda şəkərin səviyyəsi sürətlə artan zaman, orqanizm insulin ifraz edərək reaksiya verir və nəticədə, qanda şəkərin azaldılması adrenalin və kortizol kimi hormonların hasil edilməsinə gətirib çıxarır ki, bu da yuxusuzluğa səbəb ola bilər", - məqalədə deyilir.
Belə bir əlaqə yaratmaq üçün həkimlər qidalanma gündəliklərini aparan 50 mindən artıq qadının məlumatlarını araşdırıblar.
Bununla yanaşı, onlar müəyyən ediblər ki, tədqiq olunanların yuxusuna tərəvəz, meyvə və sellülozalı rasion yaxşı təsir edib.