“Azərenerji” ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət “Mingəçevir” Su Elektrik Stansiyasında aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.
Unikal.org xəbər verir ki, ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.
Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.
Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq.