Əziz həmvətənlər, Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar xaricdə yaşayan soydaşlarımızla mütəmadi və sistemli şəkildə əlaqə yaradır, bütün vasitələrdən istifadə edərək onları məlumatlandırır, soydaşlarımızın tələb və müraciətləri qeyd-şərtsiz, operativ cavablandırılır.
Unikal.org xəbər verir ki, hazırda 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası, dünyanın müxtəlif ölkələrindəki 11 Azərbaycan evi 24 saat fəaliyyət göstərir.
Xaricdə yaşayan hər bir azərbaycanlı, eyni zamanda onların ölkəmizdə olan yaxınları günün istənilən saatında Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ məktəblərinə müraciət edə, lazımi məlumatları ala və onları narahat edən məsələləri çatdıra bilər. Bunun üçün bütün mövcud əlaqə vasitələrini diqqətinizə çatdırırıq.
Bir daha xatırladırıq ki, pandemiya təhlükəsinin yaratdığı vəziyyətlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir.
Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və [email protected] ünvanları aktivdir. İndiyə qədər www.diaspora.support və [email protected] elektron ünvanlarına xaricdən onlarla müraciət daxil olub və müraciətlər operativ cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.
Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesabları, elektron poçt ünvanı, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır.
Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.
Aşağıdakı linkə daxil olaraq Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ məktəbləri ilə əlaqə yarada bilərsiniz.