Son günlər sosial şəbəkələrdə insanların mağazalara kütləvi axın etmələrinə dair məlumatlar yayılır. Paylaşımlarda mağazalarda bəzi qida məhsullarının, xüsusilə makaron, un məmulatları, uşaq yeməklərinin azaldığı iddia edilir. Lakin bu, həqiqəti əks etdirmir.
Bu gün bir çox ölkələrdə koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülür. Eyni zamanda, Azərbaycanda da koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə bir ay müddətinə xüsusi rejimin tətbiq olunmasına qərar verilib.
Əhali ölkədə ərzaq qıtlığının ola biləcəyi düşüncəsi ilə təşvişə düşərək mağazalara axın edib. Lakin buna ehtiyac yoxdur. Çünki paytaxt ərazisində yerləşən supermarketlərdə məhsul qıtlığına rast gəlinmir.
Unikal.org xəbər verir ki, oxu.az məsələ ilə bağlı insanların narahatlığına son vermək üçün paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən “RAHAT” supermarketlərə baş çəkib.
İlk olaraq yolumuzu Sabunçu rayonunun Zabrat qəsəbəsində (Zabrat şosesi, SOCAR YDM-nin yanı) yerləşən “RAHAT” supermarketdən saldıq. Marketdə insanların kütləvi axını müşahidə edilmirdi. Müəyyən qədər sıxlığın olması isə qarşıdan gələn Novruz Bayramı ilə əlaqədardır. Suallarımızı cavablandıran müştərilər bayramla əlaqədar endirimli qiymətlərdən faydalanmaq üçün marketə gəldiklərini dedilər.
Xatırladaq ki, bu gün “RAHAT” supermarketlər şəbəkəsinin Zabrat filialının bir illiyi tamam olur. Filialın ad günü ilə əlaqədar olaraq xüsusi aksiyalar, endirim kampaniyaları keçirilib.
Hazırda mağazalarda və anbarlarda əhalinin gündəlik tələbatını ödəyəcək qədər qida məhsulları var. O cümlədən, ərzaq məhsullarından ibarət kifayət qədər ehtiyat mövcuddur. Paytaxt mağazalarında gündəlik istehlak məhsullarının bolluğu vitrinlərdən bəlli olurdu.
“RAHAT” supermarketlər şəbəkəsinin Zabrat filialının müdiri Elbrus Hüseynovun sözlərinə görə, anbarlarda kifayət qədər məhsul var və əlavə olaraq da firmalardan mal qəbulunda heç bir gecikmələr yoxdur:
“Kifayət qədər məhsul var, marketə mal qəbulunda heç bir gecikmə və problem müşahidə olunmur. İnsanların sıxlığı hər zaman olduğu kimi, bayram günlərinə hazırlıqla əlaqəlidir. Ən çox alınan məhsullar isə meyvə, çərəz və bayram şirniyyatlarının bişirilməsi üçün zəruri olan ərzaqlardır”.
Mağaza müdiri müştərilərin, eləcə də əməkdaşların koronavirus təhlükəsindən qorunmaq məqsədilə müvafiq gigiyenik normalara riayət edildiyini deyib:
“Mağazaya daxil olan müştərilərimiz əllərini antiseptik maye ilə dezinfeksiya edirlər. Müştərilər arasında bu prosesdən yayınanlar da olur. Lakin böyük əksəriyyəti bu işə ciddi yanaşır.
Eyni zamanda, kassalarda xüsusi dezinfeksiya edici məhlullar qoyulub. İşçilərimizə də tibbi maskalardan istifadə tövsiyə edilib”.
Onu da qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilən qərara əsasən, ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruri hesab edilərək, bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
Bu məqsədlə “RAHAT” supermarketlər şəbəkəsinin nəinki Zabratda yerləşən filialında, eləcə də digər mağazalarında da həftədə iki dəfə olmaqla, dezinfeksiya işləri aparılır.