“Koronavirus hazırda dünyanı narahat edən pandemiyadır. Azərbaycanda buna qarşı mübarizə yüksək səviyyədə təşkil olunub. Bu mübarizəyə qarşı şübhə ilə yanaşanlar, Operativ Qərargahın tələblərinə zidd addım atanlar qanunvericilik qarşısında cavab verməlidirlər”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində koronavirusla bağlı ciddi narahatlıq var:
“Mən, bunu ajiotaj üçün demirəm. Sadəcə, önləyici tədbirlərə qarşı çıxmaq, qeyri-ciddi təəssürat yaratmaq olmaz. Bütün dövlətlər imkanlarını səfərbər edib öz vətəndaşlarını qorumaq istəyir. Allaha şükür ki, Azərbaycanda bu xəstəlik çox yayılmayıb. Amma bu məsələ gündəmə gələn andan ölkə başçısının tapşırığı ilə ən yüksək səviyyədə profilaktik işlər görülür. Panikaya düşmədən insanlar şəxsi gigiyenalarını qorumalıdır, Operativ Qərargahın tələblərinə riayət etməlidirlər. Təhsil müəssisələri bağlanıbsa, əhalinin hərəkətliliyi məhdudlaşdırılıbsa, deməli, dövlətimiz əhalini maksimum dərəcədə qorumağa çalışır. İnsanlardan gözlənilən odur ki, özünü, ailəsini, ətrafını qorusun. Buna əməl olunsa, ölkəmiz bu sınaqdan problemsiz çıxar. Bu gün Milli Məclisdə də koronavirus məsələsi yüksək səviyyədə müzakirə olundu, real vəziyyətlə bağlı məlumat verildi. Yəni, proses nəzarətdədir, lazımi tədbirlər həyata keçirilir. Ölkəmizin tibbi imkanları da lazımi səviyyədədir, bütün imkanlarımız var. İnsanlardan tələb olunan odur ki, Operativ Qərargahın müəyyənləşdirdiyi bütün tələblərə ciddi yanaşılsın”.
Elvin Rüstəmov