Bəzən hansısa informasiya agentliyinin verdiyi məlumatların nə dərəcədə düz olub-olmaması müzakirə edilir. Düşünürəm ki, bəzi qurumların mətbuat xidməti öz işini sona qədər yerinə yetirmədiyinə görə, müxtəlif saytlara, qurumlara yanlış məlumatlar sızır. Düşünürəm ki, mətbuat xidmətləri mütəmadi olaraq birifinqlər keçirməlidirlər. Onlardan təkcə sorğu yolu ilə informasiyalar alınmamalıdır.
Unikal.org-un məlumatına görə, bunu millət vəkili, politoloq Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
A.Nağıyev eyni zamanda vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatları ilə yanaşı, hər bir qurum özü də mütəmadi olaraq razılaşdırılmış məlumatlar yaymalıdır.
Deputatın sözlərinə görə, vacib məqamlardan biri də Azərbaycan Ordusu ilə bağlıdır: "Bu gün orduda müvafiq tibbi və sanitar-epidemioloji vəziyyətin necə olması əhəmiyyət kəsb edir. Çünki qarşıdan Novruz bayramı gəlir və bu ərəfədə valideynlərin hərbçilərlə görüşləri olmalı idi. Lakin koronavirusla əlaqədar bu görüşlərin dayandırılmasına qərar verilib. Hesab edirəm ki, hər kəs bu qaydaya əməl etməlidir".