Hüquqşünas Aslan İsmayılov bu günlərdə Türkiyədə FETO ilə bağlılıqda ittiham olunaraq həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı ona ünvanlanan suallara münasibət bildirib.
Unikal.org xəbər verir ki, A. İsmayılov bu barədə Feysbuk hesabında yazıb. O, paylaşımında M. Mənsimovla bağlı bəzi məqamlara aydınlıq gətirib: “İş adamı Mübariz Mənsimovu müdafiə etmədiyim üçün mənə çoxlu sayda suallar ünvanlayıb israrla onu müdafiə etməyimi tələb edənlər var. Bilməyənlərin nəzərinə çatdırıram ki, M. Mənsimovun Azərbaycanda həyat yoldaşının xəbəri olmadan boşanması ilə bağlı iş üzrə 3 ildən artıq həyat yoldaşının vəkili olmuşam. Bu barədə onlarla yazılarım elə bu səhifələrimdə olub. Bu səhifələrdə paylaşdığım sübutlara baxmadan, o cümlədən boşanma işi üzrə məhkəmə olan vaxtlarda həyat yoldaşının Azərbaycan sərhədlərini keçmədiyini təsdiq edən Sərhəd Xidmətinin arayışına rəğmən, M. Mənsimovun hakimiyyətdə olan dayaqlarının səyi nəticəsində qanunsuz məhkəmə qərarları bütün məhkəmə instansiyalarında gücündə saxlandı. Elə buna görə bu barədə danışmağım düzgün olmazdı” - deyə o bildirib.