Milli Məclisin deputatı Elnur Allahverdiyev koronavirus infeksiyasına qarşı ölkədə aparılan tədbirlərdən yazıb.
Unikal.org xəbər verir ki, E. Allahverdiyev bununla bağlı Feysbuk hesabında paylaşım edib:
"Dünyamız yeni çağırış, COVİD-19 infeksion virus təhlükəsi ilə üz-üzə qalıb. Bu təhlükədən xilas olmağın bir yolu var - təlimatlar və tövsiyələrə riayət, qadağaları anlayışla qəbul etmək.
Doğma Azərbaycanımız da bu dünyanın bir parçasıdır. Ölkəmiz fəal iqisadi və siyasi tərəfdaş kimi həm bölgəmiz, həm də regionumuzdan uzaq olan dövlətlərlə sıx münasibətlərə malikdir. Minlərlə vətəndaşımız xarici ölkələrə səfərlər edir, çoxsaylı əcnəbi turist zəngin tarixi və mədəni abidələrimizi ziyarət etmək, adət-ənənələrimizlə tanış olmaq üçün Azərbaycana gəlirlər. Ancaq bir müddətdir ki, dünyanın hər yerində olduğu kimi vətənimizdə də vətəndaşımız naminə tətbiq edilən məhdudiyyətlərlə razılaşmalı, tövsiyələrin həyata keçməsinə çalışmalıyıq.
Bildiyiniz kimi, problemlə bağlı Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargah əhalimizə maksimum şəkildə insanların sıx olduğu yerlərdən kənarda olmağı tövsiyə edir. Təhsil ocaqları müvəqqəti olaraq fəaliyyətini dayandırıb, sağlamlığında problem olan şəxslərin işə çıxmamaları məsləhət görülür, kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.
Əziz dostlar bütün bu tədbirlər sizin, bizim - hamımızın sağlamlığı və təhlükəsizliyi üçün edilir. Biz də qərara gəlmişik ki, müvəqqəti olaraq sizlərlə görüşlərimizə ara verək. Tezliklə həyat normal məcraya dönər və biz yenidən görüşlərimizi bərpa edərik. Bir daha yaşlı nəslin nümayəndələrindən bir övlad, həmyaşıdlarımdan isə dost və qardaş kimi rica edirəm ki, hökumətimiz və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət edəsiniz. Tanrı xalqımızı və dövlətimizi qorusun!" - deyə o bildirib.