Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə “Report”a Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib.

O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib:

“Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.

Xatırladaq ki, ötən il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı evə buraxılıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.