Bu gün dünyanı təhdid edən koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınmasında hər bir vətəndaşımız öz məsuliyyətini dərk etməli və bu işdə həmrəylik nümayiş etdirməlidir.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
E.Allahverdiyev bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə bu virusun qarşısının alınmasında çətinlik çəkirlər, çünki tibbə məlum olan müasir müalicə metodları bu virusun qarşısında aciz qalır:
“Bu baxımdan koronavirusun yayılmasının qarşısının alınmasında ən səmərəli yol qabaqlayıcı tədbirlərin görülməsidir. Virusun yayılması ilə bağlı dünyanın ayrı-ayrı ölkələrindəki vəziyyətə nəzər salsaq, görərik ki, səmərəli qabaqlayıcı tədbirlər görülən ölkələrdə vəziyyət nisbətən qənaətbəxşdir. Bu baxımdan Azərbaycan da istisna deyil, hətta deyə bilərik ki, bu virusla mübarizədə Azərbaycan bir çox ölkələri qabaqlayır.
Virusun yayıldığı ilk gündən Azərbaycan bu məsələyə çevik və adekvat reaksiya verdi, ölkəmizdə virusun yayılmasının qarşısının alınması istiqamətində bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət olunur, ardıcıl profilaktik tədbirlər həyata keçirilir. Eyni zamanda Azərbaycanda virusun müəyyən edilməsi üçün müasir laboratoriyalar, müalicə üçün kifayət qədər tibbi ləvazimatlar və dərman ehtiyatları mövcuddur”.
Deputat vurğulayıb ki, hər bir şəxs bu virusun təsirinə məruz qala bilər:
“Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də biz bu məsələyə ciddi yanaşmalıyıq. Belə vəziyyətdə, digər ölkələrdəki kimi Azərbaycanda da məhdudlaşdırıcı və sərt tədbirlərin həyata keçirilməsi qəbulediləndir. Ona görə ki, bu, artıq milli təhlükəsizlik məsələsidir və görülən bütün tədbirlərin əsas məqsədi əhalinin sağlamlığını qorumaq, ölkəmizdə bu epidemiyanın yayılmasının qarşısını almaq və insanlarımızı bu vəziyyətdən ən az zərərlə çıxarmaqdır.
Burada cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və yerinə yetirməlidir. Ehtiyac olmadığı halda insanlar çölə çıxmasınlar, kütləvi tədbirlərə və toplu halda gəzintilərə getməsinlər, gigiyenik qaydalara əməl etsinlər. Belə olduğu halda mən əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik”.
Deputat əlavə edib ki, bəziləri vəziyyətdən istifadə edərək süni ajiotaj yaratmağa, əhalini panikaya salmağa çalışır:
“İnsanlarımız bu məsələdə də diqqətli olmalı, bu cür məlumatlara inanmamalı, yalnız rəsmi məlumatları əsas götürməli və təlimatlara riayət etməlidir. Kimlərsə əhalini panikaya salmaq istəyirsə, deməli, onların hansısa çirkin məqsədləri var. Biz cəmiyyət olaraq bu cür insanların vəziyyətdən sui-istifadə etməsinə imkan verməməliyik”.