Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırması nəticəsində “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan filialının ərazisində formalaşan bərk tullantıların qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi, yeni neft quyusunun qazılması zamanı əmələ gələn tullantı sularının ətrafa axıdıldığı və qazma şlamlarının qəbul məntəqələrinə təhvil verilmədiyi müəyyən edilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Şirvan Operating Company LTD” şirkətinin ekoloqu İsməli Hüseynov bildirib ki, hazırda aşkarlanan nöqsanların aradan qaldırılması üçün işlər aparılır:
“Bu günə qədər ərazilərin əksər hissəsi çirkab sulardan təmizlənib. İşlər plan üzrə aparılır. Hazırda nöqsanların aşkarlandığı ərazidə iş gedir.”
Qeyd edək ki, nazirlik tərəfindən sözügedən faktla bağlı akt və protokol tərtib olunaraq şirkətin Azərbaycan filialının hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.