"Hamı vəziyyətin ciddiliyini dərk etməlidir. İnsanlar çalışmalıdırlar ki, daha çox evdə vaxt keçirsinlər. İnsanlar ünsiyyətdən çəkinməli, ümumi məkanlara yığışmamalı, ictimai nəqliyyatdan daha az istifadə etmək lazımdır. Bir ay evdə vaxt keçirsək, özümüzü qorumuş olarıq".
Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib. O, əlavə edib ki, insanlar koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməlidir:
"Millət vəkili olaraq koronavirusla bağlı deputat seçildiyim Nizami rayonunda və öz ətrafımda təbliğat aparıram. Mütəmadi olaraq seçiciləri məlumatlandırırıq ki, bu məsələyə ciddi yanaşsınlar. Dövlət tərəfindən də bu istiqamətdə lazımi işlər görülür. Bu virusun qarşısının alınması üçün hökümət tərəfindən operativ qərarlar qəbul edildi. Nazirlər Kabineti yanında Operativ Qərargah gündəlik olaraq insanlara informasiya verir. Dünən ölkənin birinci vitse-prezidenti Mehriban xanım vətəndaşlara müraciət etdi. Hər şey dövlətdən asılı deyil, vətəndaşlar da məsuliyyətli olmalıdır. Özümüzü qorumaqla, biz həm də dövlətimizi qoruyacağıq. İnsanlar qəbul edilmiş qərarlara əməl etməlidirlər. Çində bu virusun qarşısı izolyasiya edilməklə alındı. Bizdə də insanlar bu şərtlərə əməl etsələr koronavirusun qarşısını almış olacağıq".
Hüseyn İsgəndərov