"Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb. Güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Belə olan halda, ölkəmizdə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. ".
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
O, qeyd edib ki, ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məsələlərdən biri koronavirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirildi. Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.Hökümət tərəfindən atılan addımların sayəsində bu virusla mübarizə öz effektini verir.Onun sözlərinə görə, təhlükə ortaya çıxar–çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması, tranzit yüklərin daşımasında xüsusi qaydaların tətbiq edilməsi, qabaqlayıcı tədbirlərə kömək edəcək tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verdi və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir.
Hüseyn İsgəndərov