02 may 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi yumşaldıcı Tədbirlər Planı ilə əlaqədar online müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və dezinfeksiya işlərinin gedişi müzakirə olunub.
Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə də yaşı 65-dən yuxarı olan tənha şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, rayon əhalisinin şəxsi gigiyenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına dair tapşırıqlar verildi. Sakinlər ilə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan S.Mikayılov bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb.
Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırılması bir daha qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin diqqətinə çatdırılıb.