"Birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və sair) də oldu. Bu şəxslərin hamısının işsizlərə aid edilməsi, əlbəttə, düzgün deyil və sadə dillə desək, faktların təhrif edilməsidir."
Unikal.org xəbər verir ki, nazir “Azərbaycan” qəzetinə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bildirib. O vurğulayıb ki, işsizliyin səviyyəsinə gəldikdə, onun ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi Beynəlxalq Əmək Təşkilatının metodologiyası götürülür:
"Bu metodologiyaya əsasən yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif edildiyi andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. Başqa sözlə, işsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir".
Nazir həmçinin adlarına aktiv VÖEN, torpaq payı, yaxud əmək müqaviləsi olan vətəndaşlara birdəfəlik ödəmə düşmədiyi üçün narazı qalmalarından da danışıb: "
Azərbaycanda torpaq payı olan vətəndaşların torpaqdan istifadə edərək həm rifah halını yaxşılaşdırmaları, həm də kənd təsərrüfatının inkişafına töhfə vermələri üçün dövlət geniş imkanlar yaradıb. Həmin vətəndaşlar torpaq vergisindən başqa digər bütün vergilərdən azad ediliblər, onlara il ərzində 6 növdə dövlət subsidiyaları verilir. Ona görə də torpaq payı olan hər bir şəxs o torpağı istifadəsiz qoymamalı, əkib-becərməli, ondan öz rifahı üçün maksimum yararlanmalıdır.
Adına aktiv VÖEN olan, yaxud əmək, xidməti və ya mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərən, torpaq payına malik şəxslər barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək o şəxslərə imtina cavabı verildi.
Bununla bərabər, müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanlar da vardı və belə insanların 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istəmələri bizi təəccübləndirdi. Məsələn, mülkiyyətində 2 və daha çox daşınmaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəricilər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu".