Müxalifətin yorğan davası - "vahid namizəd"
13:02 22-11-2012
CƏMİYYƏT
Müxalifətin yorğan davası - "vahid namizəd"
Siyasətlə ümumiyyətlə nadir hallarda maraqlanan bir dostumun sözüdür: "Mən gözümü açandan bəri Azərbaycan müxalifəti hələ də vahid namizəd problemini həll etməklə məşğuldur. Görəsən, onların başqa işləri, gücləri yoxdur?"
Güman ki, var... Müxalifət ola bilmək işi...
Bunu isə bacarmırlar. Nə az, nə də çox, düz 19 ildir.
Bunun da çoxlu səbəbləri var. Amma fikrimcə, ən ciddi səbəb - müxalifətin özünü təhlil edib yeni mübarizə üsulları tapa bilməməsidir.
Politoloq Ərəstun Oruclunun sözlərinə görə, "Problemin kökündə duran həlledici amil müxalifətin daxilində yeniləşmənin olmamasıdır. "Yeniləşmə" deyərkən mən əsla onu nəzərdə tutmuram ki, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getməlidir və onun yerinə kimsə gəlməlidir və yaxud AXCP sədri Əli Kərimli öz postunu kiməsə təhvil verməlidir. Fikrimcə, birinci növbədə məsələlərə yanaşma tərzində yeniləşmə olmalıdır. İkincisi isə, bu partiyaların qarşılarına qoyduqları hədəflər konkret şəkildə müəyyən edilməlidir. On-on beş ildir ki, Azərbaycan müxalifətinin əsas sloqanlarına, şüarlarına diqqət yetirsək, görərik ki, heç nə dəyişilməyib. Nədi bu şüarlar? "Demokratiya, azadlıq, azad seçki, insan hüquqları, istefa" və s. və i.a. Bilirsiniz, Azərbaycan müxalifətinin on beş il ərzində eyni pafosla təkrar etdiyi bu şüarlar Azərbaycan əhalisinə heç nə demir. "Azad seçki" deyəndə sıravi vətəndaş düşünür ki, "Bunlar yenə də hakimiyyət davası edirlər! Azad seçki keçirin, mən udum, gəlim hakimiyyətə! Sən deputat və ya prezident olacaqsan, bəs mənim üçün nə dəyişiləcək?" Vətəndaş ona təklif ediləni müxalifətin bu şüarlarında görmür. "İstefa!" şüarı yenə də sıravi vətəndaşın şüurunda həmin fikri doğurur: "Sən hakimiyyətdən get, mən gəlim sənin yerinə". Və məsələnin bu tərəfini də nəzərdən qaçırmayaq ki, bu hakimiyyət dəyişmələrindən, loru dildə desək, insanların da "əli yanıb". Bu günəcən Azərbaycanda mövcud olmuş heç bir hakimiyyət insanların sosial durumunu yaxşılaşdırmayıb. Ona görə də Azərbaycan insanı hakimiyyətin dəyişməsi ilə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmır. Beləliklə də, cəmiyyət özü -özünü siyasətdən kənarlaşdırıb və siyasətçilər də bu meydanı tərk ediblər. Sanki ortada kiçik bir meydança qalıb və siyasətçilər öz aralarında oynayırlar. Bununla belə, tamaşaçı yoxdur, azarkeş yoxdur. Ona görə deyirəm ki, birinci növbədə hədəflər müəyyənləşməlidir. Konkret şəkildə aydın olmalıdır ki, müxalifət əhalinin maraqlarını ifadə edir. Bu gün əhalinin böyük əksəriyyətini nədir narahat edən? Bu, demokratiya deyil və bunu etiraf etmək lazımdır. Cəmiyyətimiz hələlik demokratiya tələb etmək həddində deyil. Çünki bu cəmiyyət başqa şeylər tələb edir. Cəmiyyət sosial problemlərin, korrupsiyanın, işsizliyin aradan qaldırılmasını tələb edir. Amma, baxın, bu şüarlar müxalifətin aksiyalarında, demək olar ki, səslənmir. Səslənirsə də, çox nadir hallarda. Olsa-olsa, ümumi şüarların içində on-on beş faiz təşkil edir. İş bundadır ki, ölkədəki partiyaların heç birində beyin mərkəzi yoxdur. Beyin mərkəzi hər bir partiya üçün son dərəcə önəmli bir qurumdur. O, partiyanın strategiyasını müəyyənləşdirir, cəmiyyətin ab-havasını öyrənir və bu ab-havaya uyğun olaraq çağırışları, hədəfləri müəyyənləşdirir".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İctimai Palatanın prezidentliyə müəyyən edə bilmədiyi vahid namizəd məsələsindın danışıb. O, İctimai Palatanın və eləcə də müxalifət düşərgəsinin prezident seçkilərində özünün vahid namizədini nə üçün seçə bilməməsinin əsas səbəblərini belə izah edib:
"İctimai Palatanın hələlik prezidentliyə vahid namizədi müəyyənləşdirməməsi bu prosesə həm iddiaçı, həm də iştirakçı kimi qatılmaq istəyən qüvvələrə imkan saxlanılması ilə bağlıdır. Bu baxımdan indiki mərhələdə əsas məsələ namizədin kimliyi deyil, onun necə seçiləcəyinin demokratik prosedurlarını işləyib hazırlamaq olmalıdır. Bütün iddalı tərəflərin iştirakı ilə ictimaiyyət qarşısında razılaşdırılmış belə bir mexanizm sayəsində hər hansı narazılığa və subyektivizmə yol vermədən, İctimai Palatanın, həm də müxalifətin prezident seçkilərində iştirak edəcək əsas namizədini müəyyənləşdirmək olar".
Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərinə qatılacağına dair verdiyi növbəti bəyanat İctimai Palatanın seçkilərdə vahid namizədlə təmsil olunmayacağı haqda düşünməyə əsas verir.
Milli Məclisin eks-spikeri Rəsul Quliyev müxalifət partiyalarını yenidən kəskin tənqid edib. Sabiq spiker Açıq Cəmiyyət Partiyasının (ACP) fəalları ilə videobağlantı vasitəsilə keçirdiyi görüşdə ölkədə baş verən son proseslərə münasibət bildirib. Tərəfdarlarına qarşıda duran vəzifə və perspektivlərindən söz açan R.Quliyev müxalifətin vahid namizəd məsələsi ərtafında gedən müzakirələrini biabırçılıq adlandırıb.
"İndiki durumda müxalifətin vahid namizədindən danışmaq ayıbdır. Boş-boşuna vahid namizəd məsələsindən danışmaq lazım deyil. Durub deyirlər ki, "mən Azərbaycanda prezidentliyə vahid namizəd olmaq istəyirəm". Nə fərqi var ki, bunu Azərbaycanda deyirsiniz, yoxsa Marsda deyirsiniz? Demokratik şərait olmayandan sonra bunun heç bir əhəmiyyəti yoxdur", - deyə sabiq spiker bildirib.
Müxalifət qüvvələrinin birləşməsinin tərəfdarı olduğunu vurğulayan R.Quliyev daha sonra onun İctimai Palatanın əleyhinə çıxması haqda deyilən fikirlərə etiraz edib: "Yalandan deyirlər ki, guya mən İctimai Palatanın əleyhinəyəm. Bu tamamilə yalandır. Mən müxalifətin birləşməsinin ən böyük tərəfdarıyam. Mən İctimai Palatanın əleyhinə deyiləm, sadəcə, onların apardığı siyasətin əleyhinəyəm. Mən onların siyasətinin düzgün olmadığını tənqid edirəm. Bu birliyə daxil olan siyasi partiyaların liderləri özünün mənafeyini önə çəkir, bundan sonra Azərbaycanda gedən prosesləri bildirirlər. Şəxsi maraqlar bir kənara qoyulmalıdır, ancaq diqqəti bir məqsədə yönəltmək lazımdır".
Natiq
Digər Xəbərlər
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00
2024-12-27 17:08:07
2024-12-27 17:01:02
2024-12-27 17:00:01
2024-12-27 16:45:44
2024-12-27 16:42:01
2024-12-27 16:25:00
2024-12-27 16:18:17
2024-12-27 16:14:44
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59