Enerjisistemin müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək. Bu barədə məlumat verən “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, artıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.
Unikal.org xəbər verir ki, yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümumi uzunluğu 1300 km olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.
İsveçrənin ABB şirkəti ilə bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırılması nəzərdə tutulur.
Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır. Bununla etibarlılıq və təhlükəsizliyi gücləndirilməklə yanaşı qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə dəstək olur.