Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Türkiyədə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans təşkil edilib.
Unikal.org xəbər verir ki, virtual tədbirdə Ankara Qazi Universitetinin professoru, fəlsəfə və sənətşünaslıq doktoru, Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyinin sədri, “Respublika” qəzetinin Türkiyə təmsilçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Ənnağızadə (Həsənoğlu), İzmir-Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyinin sədri Mülazim Kardelen Paşa, Iğdır-Azərbaycan Evinin rəhbəri Serdar Ünsal, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucu üzvü, Azaflı hüquq və konsaltinq şirkətinin rəhbəri Arzuman Azaflı, Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) sədri Enver Türkoğlu, TÜRKAZDER-in İğdır şöbəsinin sədri İlteriş Kağan Taşkınsu, İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman (Hülya) Ağasoy, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Azərbaycan Xalqlar Dostluğu ictimai birliyinin sədri Lalə Həsənova, Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyinin sədri Vüqar Nəsirov, İstanbul-Azərbaycan Kültür Evinin rəhbəri Hikmet Elp, Kayseri Azərbaycanlı Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli, Dövlət Komitəsinin məsul əməkdaşları Fuad Kərimov, Əkrəm Abdullayev və Kənan Məmmədov iştirak ediblər.
Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətin Türkiyədə daimi və müvəqqəti məskunlaşan, təhsil alan soydaşlarımıza təsirləri, müəyyən çətinliklə üzləşmiş aztəminatlı ailələrə göstərilən maddi və ərzaq yardımı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, təşkil edilən müxtəlif formatlı xeyriyyə tədbirləri diaspor təşkilatlarına edilən müraciətlər əsasında müəyyənləşdirilmiş siyahılar üzrə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də ayrı-ayrı yerli dövlət qurumlarının, müstəqil təşkilat və şəxslərin dəstəyilə Türkiyənin bir çox vilayət və şəhərlərində azərbaycanlı soydaşlarımıza və tələbələrimizə maddi, ərzaq və tibbi yardımların göstərildiyi, onların üzləşdikləri çətinliklərin aradan qaldırıldığı nəzərə çatdırılıb. Pandemiya və qarşıdan gələn Ramazan bayramı münasibətilə xeyriyyə aksiyalarının davamlı olaraq keçiriləcəyi deyilib.
Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətinin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları, bu siyasətin reallaşmasında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə diqqəti cəlb ediblər. Dünyanı bürümüş yeni növ koronavirus pandemiyası ilə əlaqədar yaranmış çətinliyin müvəqqəti olduğu, problemlərin həlli üçün soydaşlarımızın həmrəyliyinin və birliyinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komitəsinin bu çətin dönəmdə onlayn platforma üzərindən müzakirələr təşkil etməsi təqdir olunub və bu cür tədbirlərin davamlı keçirilməsinin məqsədəuyğun olduğu qeyd edilib.