Azərbaycanda qoyun sürülərinin qışlaqlardan yaylaqlara köç prosesinə start verilib. Aran bölgələrində yerləşən qışlaqlardan sürülərin dağlıq ərazilərdə yerləşən yaylaqlara köçü mayın sonuna kimi davam edəcək.
Unikal.org xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar qışlaqlarındakı təsərrüfatlardan olan sürülərin Lerik yaylaqlarına köç prosesini izləyib. Sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxırlar. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən artıq xırdabuynuzlu heyvanın köçü təşkil edilir.
Nazir İnam Kərimov köç prosesinin təşkili prosesi ilə tanış olub, sürüləri yaylağa qaldıran çobanlarla söhbət edib, onların qayğıları ilə maraqlanıb. Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yem tədarükü ilə bağlı fikirlərini bölüşən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq”.
Köç prosesinə hazırlıqdan bəhs edən fermerlər bildiriblər ki, yaylaqlarda bəslənmə xüsusilə davarların qidaya olan tələbatlarının ödənilməsində iqtisadi baxımdan olduqca səmərəlidir. Xırdabuynuzlu heyvanların yetişdirilməsi ilə məşğul olan təsərrüfatların sahibləri qeyd ediblər ki, yaylaqda heyvanların otarılması yemə olan tələbatın tam ödənilməsinə imkan verir. Eyni zamanda, təsərrüfatın istehsal xərcinin azalmasına səbəb olur və ölkədə heyvandarlığın inkişafına müsbət təsir edir.
Qeyd edək ki, Lerik yaylaqlarında əsasən, Pirəsora qoyun cinsindən olan sürülər saxlanılır. “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun cinsi Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqram olur, toğluların çəkisi isə 30 kiloqrama çatır.
Daha sonra nazir Lerik rayonu ərazisindəki yaylaqlardakı heyvan təsərrüfatlarına baş çəkib, təsərrüfat sahiblərinin yaylaqda keçirdikləri həyat tərzi, heyvanların saxlanılma şəraiti ilə tanış olub.
Qeyd edək ki, sürülərin yaylaqda bəslənilməsi prosesi oktyabr ayının əvvəllərinə qədər davam edir.