Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda BMU-nun rektoru, professor Havar Məmmədov pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Unikal.org xəbər verir ki, tələbələrin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini bildirən rektor yaz imtahan sessiyasının təşkili məsələlərinə toxunub. Rektor Havar Məmmədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” verdiyi qərarı yüksək qiymətləndirib. 

Elmi Şuranın iclasında tədrisin vəziyyəti, yaz imtahan sessiyasının təşkili və bu istiqamətdə gündəmdə olan vacib məsələlər ətraflı təhlil olunub. Çıxışlarda elektron idarəetmə imkanları yüksək səviyyədə olan BMU-nun mövcud infrastukturunun hazırkı duruma adekvat olaraq imtahanların keçirilməsinə imkan verdiyi vurğulanıb.

İclasda ayrı-ayrı Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlərlə bağlı fikirləri dinlənilib.

Toplantıda, həmçinin universitetin beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunulub. Yeni tədris ilindən BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında əməkdaşlığa uyğun olaraq ikili diplom proqramının icrasına başlanılacağı vurğulanıb. Eyni zamanda, iclasda tələbələrdə mühəndis yaradıcılığı, eləcə də  innovativ yanaşmanı formalaşdırmaq məqsədilə yaxın zamanlarda “Samsung Electronics Engineering Academy”nin açılması ilə bağlı müvafiq qərar qəbul olunub.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar  işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.