Azərbaycanda orqan transplantasiyası genişləndirilir
12:43 27-11-2012
İQTİSADİYYAT
Azərbaycanda orqan transplantasiyası genişləndirilir
Millət vəkilləri danışdılar, orqan köçürülməsinə dair qanunvericiliyə əlavə və dəyişikliklərin ediləcəyi də bildirilir...
Bir çox ölkədə insan orqanının transplantasiyasına qanunla icazə verilir. Hətta bununla bağlı insan ölməzdən əvvəl vəsiyyət edir. Qəfil ölümlə qarşılaşanların sağlam bədən üzvlərinin transplantasiyası isə onun ailə üzvlərinin razılığı ilə gerçəkləşdirilir.
Azərbaycanda da bu sahədə qanunverilik mövcuddur. Amma gerçəklik odur ki, ölkəmizdə bu qanunvericilik icra olunmur. İndi bunu cəmiyyətimizin məsələyə hazır olmaması, milli xüsusiyyətlətə yad element kimi dəyərləndirənlər az deyil.
Bu məsələ ilə bağlı yaxın zamanlarda ciddi təbliğat işinə başlanılacaq. Hətta bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin ediləcəyi də bildirilir.
Məsələnin dini tərəfini Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə belə izah edib: "İnsan bunun üçün gərək özü rəhmətə getməmişdən əvvəl razılıq versin. Orqan köçürülməsi üçün gərək şəxsin özünün razılığı olsun. Onun razılığı olmasa, bunu icazəsiz etmək haramdır".
M.Seyidzadə qeyd edib ki, eyni zamanda buna varis, yəni ailə də icazə verə bilər: "Varis icazə verirsə, bu, günah sayılmaz".
Bəs, bu barədə millət vəkilləri nə düşünür? Deputat Aqil Abbasın sözlərinə görə, şəxsin özünün daxili orqanını ölümündən əvvəl transplantasiya üçün vəsiyyət etməsi bu böyük insanlıqdır. Onun fikrincə, bunu kim edirsə, yeri cənnətdir: "Mən dini cəhətdən deyə bilmərəm, amma hər halda bir insan vəsiyyət edirsə ki, öülümündən sonra öz orqanlarını kiməsə bağışlasınlar, bu böyük insanlıqdır, böyük ürək istəyir. Bu alqışlanmalı bir addımdır".
Türkiyədə bir ailəni misal gətirən millət vəkili qeyd edib ki, həmin ailə oğlu ölən zaman onun bütün orqanlarını xəstələrə bağışlayıb. Aqil Abbas qonşu ölkələrdə artıq bu cür praktikanın olduğunu vurğulayıb.
Deputat Jalə Əliyeva qeyd edib ki, şəxsin sağlığında daxili orqanını ölümündən sonra transplantasiya üçün vəsiyyət etməsini olduqca normal qarşılayır: "Yəni dünyasını dəyişmiş bir insanın vəsiyyəti olubsa, yaxud da yaxınları istəyirsə mərhumun orqanı transplantasiya üçün istifadə olunsun, bu, normaldır. Ölən insanın bədənin bir orqanını ölməkdə olan, amma həyat uğrunda mübarizə aparan bir insana köçürüb, həyatını uzatmaq əhəmiyyətli bir məsələdir. Ona görə də məncə heç bir problem yoxdur və bu normal qarşılanmalıdır"-deyə, deputat qeyd edib.
Azərbaycanda bu addımın necə qarşılanacağına gəlincə, J.Əliyeva qeyd edib ki, hər bir məsələ sosial sifarişə bağlıdır. "Təbii ki, cəmiyyət buna hazır olmalıdır. Elə məsələlər var ki, bu sahələr birbaşa insanların psixologiyasına, onların mənəviyyatına təsir edir. Ona görə də bu məsələdə ehtiyatlı davranmağa əsas var. Eyni zamanda, bu sahədə də maarifləndirmə işləri aparılmalıdır. Mətbuat orqanlarında yazılar dərc edilməlidir. İnsanların həqiqətən bunu normal qəbul etməsilə bağlı cəmiyyətdən reaksiya gələndən sonra orqan bağışlamaq tətbiq edilə bilər. Bunu qəbul etdirmək üçün isə biz varıq, mətbuat var, irəlidə gedən ziyalılar var"-deyə, millət vəkili bildirib.
Deputat Elmira Axundovanun sözlərinə görə, Azərbaycanda daxili orqanlarınını bağışlamaq, transplantasiya üçün vəsiyyət etmək praktikası yoxdur: "Biz belə hallara alışmamışıq. Müsəlman aləminə görə də bu biraz günahdır. Amma mən özüm üçün deyə bilərəm ki, bu mənim üçün çətin sualdır. Bu haqda düşünmək lazımdır. Hər halda, kiminsə orqanlarını ölümündən sonra transplantasiya edirlərsə, onlar çox nəcib insanlardır, çox böyük savab iş görürlər. Eşitmişəm ki, ayrı-ayrı ölkələrdə belə təcrübə var. Biz bunu kinolarda da görmüşük, mənə elə gəlir ki, bu savab işdir. Və bu addımla ölən şəxs kiminsə həyatını xilas edir".
Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi mərkəzinin rəhbəri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, tanınmış cərrahı Rəşad Mahmudov da transplantasiyadan danışıb. O, konkret olaraq ürək transplantasiyasından bəhs edib: "Bu gün Azərbaycanda ürək transplantasiyasının olmaması üçün tək bir səbəb var. Böyrək elə orqandır ki, onun birini vermək olar, qaraciyərın da bir parçası kəsilərək kimisə xilas edə bilər, ancaq ürək üçün beyin ölümü olmalıdır. Bundan sonra ailələrin buna izn verməsi lazımdır. Dinimiz də buna tam izn verir. Müqəddəs kitabımızda da yazılıb ki, bir insana can vermək bütün dünyanı yaşatmaq qədər müqəddəsdir. Mən millətimizə bəyan edirəm ki, bu məsələdəki çətinıliklər aradan qaldırıldığı zaman bizim həkimlərimiz günü bu gün həmin əməliyyatı etməyə tam hazırdır".
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə həyatdan köçür. Belə xəstələrin bir qismi Azərbaycanın payına düşür.
Hazırda Azərbaycanda 300-dən çox insan qeydiyyatdadır ki, onlara daxili orqanlar transplantasiya olunub. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məlumatına görə, daxili orqanları transplantasiya olunmuş xəstələr arasında böyrəkləri dəyişdirilənlər çoxluq təşkil edirlər. Təxminən 250-dən çox xəstə...
Azərbaycanda insan orqanlarının transplantasiyasına 1999-cu il okyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanlarıı ilə əvəz edilə bilər.
Səhiyyə Nazirliyindən modern.az-a bildirilib ki, ölkəmizdə ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi, sümük iliyi, gözün buynuz qişasının transplantiyasına rəsmi icazə verilib. Bir şərtlə ki, donorun mütləq 18 yaşı tamam olmalıdır, heç kimə donorluq etməyə təzyiq göstərilməməlidir. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə müəyyən həcmdə götürmək olar ki, onun həyatı üçün təhlükəli hallar, yaxud sağlamlıqda bərpaolunmaz pozğunluqlar yaranmasın.
Meyitdən daxili orqanların götürülməsi üçün isə mütləq mərhumun yaxınlarının yazılı icazəsi olmalıdır.
Ölkəmizdə insan orqanlarının alqı-satqısı ilə məşğul olanlar Cinayət Məcəlləsinin 137-ci maddəsilə məsuliyyət daşıyırlar.
Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda donor tapmaq çox çətindir. Çox nadir hallarda ölən adamın qohumu mərhumun bədən orqanının götürülməsinə razılıq verir. Böyrəyinin dəyişdirilməsini istəyənlərə donorluq edənlər isə onların öz ailə üzvləri olurlar. Lakin bu o demək deyil ki, bütün böyrək xəstələrinin valideynləri və ya qardaş-bacıları onlara donorluq etməyə razılıq verirlər. Bunun üçün həm cəsarət, həm də iradə tələb olunur. Ona görə də heç də bütün xəstələrin yaxınları bu işə razılıq vermir.
Sevinc İltifatqızı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07